BAKI, 4 iyun. TELEQRAF

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Avropa Liqası öncəsi fikirlərini bölüşüb.

Teleqraf xəbər verir ki, kapitan jurnalistlərə açıqlamasında komandanın turnirə hazırlığını başa vurduğunu bildirib.

Abduləzimova sabah İsveçə qarşı keçirəcəkləri ilk oyunun çətin olacağını vurğulayıb:

“Avropa Liqasına hazırlıqlarımız artıq bitib. Sabah ilk oyunumuza çıxırıq. Rəqibimiz İsveçdir. Olduqca güclü komandadır. Düşünürəm ki, oyun çətin olacaq. Əlimizdən gələni edəcəyik. Buna hazırıq. İkinci oyunumuz Estoniya ilədir. O, bir qədər daha rahat rəqibdir. Buna baxmayaraq, bütün oyunlara eyni səviyyədə hazırlaşıb çıxmalıyıq. Düşünürəm ki, şanslarımız böyükdür. Hər şey istədiyimiz kimi olsa, yaxşı nəticələr əldə edəcəyik”.

Ayşən Abduləzimova Avropa Liqasının yığma üçün həm hazırlıq, həm də reytinq baxımından önəmli olduğunu bildirib:

“Avropa çempionatı bu turnirdən daha vacibdir. Avropa Liqası çempionata hazırlıq xarakteri daşıyır. Amma bu yarışın da reytinqə görə böyük əhəmiyyəti var”.