BAKI, 4 iyun. TELEQRAF
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev Avropa Liqası öncəsi komandanın hazırlıq durumu barədə danışıb.
Teleqraf xəbər verir ki, təcrübəli mütəxəssis Bakıda keçirilən açıq məşqdən sonra jurnalistlərə açıqlama verib.
Qarayev millinin hazırlıq prosesinin plan üzrə davam etdiyini bildirib:
“Komandanın hazırlığı Sloveniyada keçdi. Bir neçə yoldaşlıq görüşü oynadıq və qalib gəldik. Artıq təxminən 25 gündür ki, hazırlıq prosesi keçirik. Əsas proqramımız avqust ayında keçiriləcək Avropa çempionatına yönəlib. Hazırda həmin yarışa hazırlaşırıq”.
Baş məşqçi Avropa Liqasında bəzi əsas oyunçuların komandaya kömək edə bilməyəcəyini də vurğulayıb:
“Bu turnirdə üç əsas oyunçumuz oynamayacaq. İki oyunçumuzun zədəsi var. Buna baxmayaraq, bu oyunları da yüksək səviyyədə keçirməyə çalışacağıq. Eyni zamanda voleybolçuları qoruyub Avropa çempionatına tam hazır vəziyyətdə çatdırmalıyıq. Çünki bu il bizim üçün ən əsas turnir Avropa çempionatıdır”.
Faiq Qarayev Avropa Liqasındakı rəqiblər – İsveç və Estoniya barədə də fikirlərini bölüşüb:
“İsveç güclü komandadır. Qızlar da bunu bilir ki, hər komandaya qarşı ciddi oynamaq lazımdır. Hər rəqiblə matçda qalib gəlmək mümkündür. Estoniyaya da qalib gəlməliyik".
Mütəxəssis əsas məqsədin Avropa çempionatında uğurlu çıxış olduğunu qeyd edib:
“Ən əsas hədəf Avropa çempionatının Azərbaycanda keçiriləcək mərhələsidir. Qrupdan çıxmalıyıq və bunu yaxşı xalla etməliyik. Hazırlıq da məhz buna doğru gedir”.
Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasında ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda yığmamız İsveç və Estoniya ilə üz-üzə gələcək.