BAKI, 4 iyun. TELEQRAF

ABŞ-nin Cənubi Afrikanı G20 sammitinə dəvət etməmək qərarı təşkilatı ciddi risklərlə üz-üzə qoyur.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazirin sözlərinə görə, ABŞ bu ilin sonunda Mayamidə keçiriləcək G20 sammitinə ev sahibliyi edəcək, lakin Cənubi Afrikanı tədbirə dəvət etməmək qərarı qəbul edib.

“G20 hazırda çox ciddi risklə üzləşir. Hətta “dəvət etməmək qərarına gəldik” demək belə mümkün deyil. Onlar sadəcə öz birtərəfli qərarları ilə Cənubi Afrikanı kənarlaşdırmaq qərarına gəliblər. Əlbəttə ki, bu, qəbuledilməzdir".

Lavrov qeyd edib ki, Moskva bu məsələ ilə bağlı mövqeyini həm BRICS çərçivəsində, həm də digər diplomatik kanallar vasitəsilə formalaşdırır.

Onun sözlərinə görə, Cənubi Afrikanın G20 sammitində iştirakı məsələsi təşkilatın xarici işlər nazirlərinin növbəti görüşündə əsas müzakirə mövzularından biri olacaq.

“Bu məsələ G20 nazirlərinin görüşündə əsas məsələ olacaq”, - Lavrov əlavə edib.