BAKI, 19 oktyabr. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio “Breitbart”a müsahibəsində “Hizbullah” terror təşkilatının “yüz faiz İranın əlaltısı” olduğunu bildirib.
Teleqraf xəbər verir ki, o, İraqdakı silahlı qruplaşmaların da İran tərəfindən dəstəkləndiyini və İraq ərazisindən Səudiyyə Ərəbistanına və İsrailə raket zərbələri endirmək imkanına malik olduqlarını deyib.
Rubio əlavə edib ki, İran regionda Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə, Bəhreynə, Küveytə və İordaniyaya birbaşa hücum edən yeganə ölkədir. O qeyd edib ki, bu hücumlarda İranın regiondakı proksi qüvvələri də iştirak ediblər.
Dövlət katibi İranı “husilərin əsas dəstəkçisi” də adlandıraraq, bölgədəki bütün gərginlik ocaqlarının Tehranla əlaqəli olduğunu vurğulayıb: “Əgər İranda hakimiyyətdə dini radikallar olmasaydılar, bu problemlərin heç biri olmazdı”.
Marko Rubio bildirib ki, Yaxın Şərqdəki qeyri-sabitliyin və müharibələrin aradan qaldırılması üçün onların yaranmasına səbəb olan amil düzgün müəyyənləşdirilməli və ona qarşı mübarizə aparılmalıdır: “Son bir neçə ayda baş verən hadisələr bu həqiqəti bütün dünyaya nümayiş etdirib”.