BAKI, 3 avqust. TELEQRAF

“İranın enerji infrastrukturuna zərbələrin endirilməsi xidmət təminatını azalda bilər, amma onları tam dayandıra bilməz”.

Teleqraf xəbər verir ki, bu barədə İran ali rəhbərliyinə bağlı “Keyhan” qəzeti yazıb.

Nəşr bildirib ki, belə bir ssenaridə xüsusilə Bəsrə körfəzinin cənubundakı ərəb ölkələrinə əks təsir göstərəcək: “İran İslam Respublikası öz raket imkanlarından istifadə etməklə yarım gün ərzində bu ölkələri böhran vəziyyətinə sala bilər”.

“Keyhan” iddia edib ki, İran region ölkələrində malik olduğu təsir imkanlarından istifadə etməklə həmin dövlətlərin daxili siyasi proseslərinə təsir göstərə və yeni qüvvələrin hakimiyyətə gəlməsinə şərait yarada bilər.

Qəzet həmçinin vurğulayıb ki, genişmiqyaslı müharibənin yenidən başlanması və infrastrukturun hədəfə alınması ilə bağlı təhdidlərin həyata keçirilməsi qarşı tərəfin ata biləcəyi ən ağır və ən ciddi nəticələr doğuracaq addım ola bilər.

“Qətiyyətlə demək olar ki, ağır müharibənin yenidən başlanması və infrastrukturun hədəfə alınması ilə bağlı təhdidlərin həyata keçirilməsi düşmənin ata biləcəyi ən çətin və ən ciddi nəticələrə səbəb olacaq qərardır. Əgər bu baş verərsə, bu, düşmənin (ABŞ-nin - red.) regionu təcili tərk etmək üçün yekun qərar qəbul etməsi anlamına gələcək”, - İran nəşri əlavə edib.