BAKI, 8 may. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkianın ölkənin Ali rəhbəri Müctəba Xamenei ilə görüşü xəbəri doğru deyil.

Teleqraf xəbər verir ki, bu barədə “Iran International” agentliyi mənbələrə istinadla məlumat yayıb.

Agentlik bildirib ki, İran Prezidentinin açıqlamasının əksinə olaraq, belə bir görüş baş tutmayıb.

Məsud Pezeşkian mayın 7-də bu yaxınlarda Müctəba Xamenei ilə görüşdüyünü açıqlayıb. Prezident görüşün rahat atmosferdə keçdiyini və müzakirələrin təxminən iki saat yarım davam etdiyini bildirib.

O iddia edib ki, görüşdə ən diqqətçəkən şey Xameneinin dünyagörüşü, təvazökar yanaşması və səmimiyyəti olub, bu da dialoqu etimad, rahatlıq və empatiyaya əsaslanan atmosferə çevirib.

Qeyd edək ki, bu, ali rəhbər və prezident arasında şəxsi görüşə dair ilk rəsmi məlumatdır. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Müctəba Xameneinin ABŞ və İsrailin zərbələri nəticəsində yaralandığını açıqlayıb. Müharibə başlayandan bəri o, ictimaiyyət qarşısına çıxmayıb, bütün bəyanatları yazılı şəkildə dərc edilib və ya efirdə aparıcı tərəfindən oxunub.

Qərb mediası İranın yeni ali rəhbərinin ağır yaralandığı, bir ayağını itirdiyi və üzünün tanınmaz hala düşdüyü barədə məlumat yayıb.