BAKI, 5 yanvar. TELEQRAF

“İranda davam edən etirazlar nəzarətdən çıxsa, ölkənin Ali dini rəhbəri Əli Xamenei ölkədən qaça bilər”.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“ABŞ mediası Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatına istinadla Əli Xameneinin Moskvaya qaçacağı ilə bağlı məlumat yayıb. Mərkəzi Kəşfiyyat İdarəsi bu xəbəri məqsədli şəkildə tirajlayıb. Məqsəd İranda etiraz dalğasının genişlənməsini təmin etmək və mühafizəkarlar arasında fikir ayrılığı yaratmaqdır. Çünki bu xəbər İranda müzakirə mövzusuna çevriləcək. Ancaq mühafizəkarlara rəhbərlik edənlər hələ qaçmağa deyil, iğtişaşları silah gücünə yatırmağa üstünlük verirlər. Bu alınmasa və mühafizəkarlar vəziyyətə nəzarəti itirsələr, həqiqətən ali rəhbərin qaçırılması ssenarisi işə düşəcək. Bu halda Xameneinin alternativi çox deyil”, - ekspert bildirib.

Elxan Şahinoğlu xatırladıb ki, vaxtilə Ruhullah Xomeyni şah Məhəmmədrza Pəhləviyə qarşı mübarizəyə Parisdən rəhbərlik edib:

“O zaman Avropa və Fransada hesab edirlər ki, Xomeyni şah rejiminin yerində normal hakimiyyət formalaşdıracaq. Ümidlər boşa çıxdı. Avropa bu dəfə aldanmayacaq, Qərb ölkələri 1979-cu ildən bu yana molla rejiminin nəyə qadir olduğunu anlayıb. Ona görə ali rəhbəri qəbul edəcək ölkələr Rusiya və Çinlə kifayətlənə bilər. Bəşər Əsəd Rusiyanı seçdi, İranın ali rəhbəri də dostunun seçiminə üstünlük verər. Ancaq İran hələ o mərhələyə çatmayıb”.

Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, etirazlar silahlı qarşıdurma mərhələsinə keçərsə, ABŞ və İsrailin hücumu baş verərsə, Əli Xamenei Rusiya yox, Türkiyə gedə bilər:

“Çünki Rusiya bu durumda Əli Xamenei üçün bir növ İranı satmış bir ölkə kimi qəbul ediləcək. Türkiyə Xameneini qəbul etməyə hazırdır. Türkiyə regional gücdür, İrana qarşı sanksiyalara da qoşulmayıb. Türkiyə həmişə İrana qarşı mehriban qonşuluq prinsipi üzərindən yanaşıb.

Türkiyə İranın ali rəhbərinə də sığınacaq verə, yüksək səviyyədə təhlükəsizlik təminatı təmin edə bilər.

Əlbəttə, Xameneinin İranı tərk etməsi son hədd, rəhbərlik etdiyi sistemin iflası demək olardı. SEPAH və digər güc strukturları çalışırlar ki, xarici təhdidlərin qarşısını alsın, amma daxili etirazları körükləyən məsələləri kənara qoyub, həlsiz saxlayırlar”.