BAKI, 11 noyabr. TELEQRAF
“Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirlərinin Parisdə keçirilən görüşünün yekun bəyanatında İranın nüvə proqramı ilə bağlı məsələnin diplomatik yolla həlli səylərinə dəstək bildirilib.
Teleqraf xəbər verir ki, bəyanatda Tehranın heç vaxt nüvə silahına malik olmamalı olduğu da vurğulanıb.
Bəyanatında qeyd olunub ki, diplomatik həll yolu tapılmadığı təqdirdə, G7 üzvləri İranın regionda və dünyada sabitliyi pozmaq imkanlarını məhdudlaşdırmaq məqsədilə iqtisadi-siyasi təzyiqlərin tətbiqi istiqamətində koordinasiyanı davam etdirəcəklər.
G7 üzvləri, həmçinin “snapback” mexanizmi vasitəsilə bərpa edilmiş sanksiyaların tam icrasını dəstəkləyərək, BMT-nin bütün üzv dövlətlərini bu məhdudiyyətləri tətbiq etməyə çağırıblar.
Bəyanatın digər hissəsində İran regionda qeyri-dövlət silahlı qruplaşmalarına dəstək verməkdə və Ukraynaya qarşı müharibədə Rusiyaya hərbi yardım göstərməkdə ittiham edilib.
Qrup üzvləri İranın qonşu ölkələrə hücumlarını, eləcə də Hörmüz boğazında dəniz nəqliyyatına maneələr yaradılması nəticəsində qlobal ticarətə və enerji təhlükəsizliyinə zərər vurulmasını pisləyiblər. G7 ölkələri Tehranı bu su yolunda mülki gəmilərə qarşı hücumları dayandırmağa çağırıblar.