BAKI, 11 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın İranla müharibə ilə bağlı ziddiyyətli mesajlarına baxmayaraq, İsrail hərbi potensialını gücləndirməyə və Tehranla mümkün yeni qarşıdurmaya hazırlığını davam etdirir.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin hərbi mənbələrinə istinadla “Ynet” məlumat yayıb.
İsrailin müdafiə rəsmiləri hesab edirlər ki, növbəti müharibə əvvəlki toqquşmalardan əhəmiyyətli dərəcədə fərqlənə bilər. Təl-Əvivin qiymətləndirməsinə əsasən, İran ABŞ və İsrailin əvvəlki əməliyyatlarını təhlil edərək öz taktikasını dəyişib. Tehran mümkün yeni müharibədə hərbi aviasiyadan genişmiqyaslı istifadə əvəzinə, daha çox raket potensialına və hava hücumundan müdafiə sistemlərinə üstünlük verə bilər.
Nəşrin məlumatına görə, İsrail qarşıdurmanın uzunmüddətli və regional müharibəyə çevrilməsinin qarşısını almaq üçün sürətli və intensiv hərbi əməliyyata hazırlaşır. Bununla belə, İsrailin müdafiə rəsmiləri müharibə başladıqdan sonra onun müddətini və nəticələrini əvvəlcədən proqnozlaşdırmağın mümkün olmadığını etiraf edirlər.
“Ynet” qeyd edir ki, əvvəlki müharibə zamanı İsrailin hücumlarının əsasən İranın nüvə obyektlərinə deyil, hərbi və enerji infrastrukturuna, eləcə də hakimiyyətlə əlaqəli hədəflərə yönəldiyi barədə tənqidlər səsləndirilmişdi. Hətta əməliyyatın əsas məqsədinin İran hakimiyyətini devirmək olduğu barədə iddialar da ortaya atılmışdı. Amma İsrailin müdafiə rəsmiləri əməliyyatın qarşıya qoyulan məqsədlərə çatmadığı fikrini qəbul etmirlər.
Məlumata görə, İsrail üçün həllini tapmamış məsələlərdən biri İranın yüksək dərəcədə zənginləşdirilmiş təxminən 450 kiloqram uran ehtiyatının taleyidir. İsrail rəsmiləri bu materialların saxlanıldığı yerin məlum olduğunu bəyan edir və onların taleyinin razılaşma və ya başqa tədbir vasitəsilə müəyyənləşdirilməli olduğunu düşünürlər.
İsrail bəyan edir ki, sözügedən uran ehtiyatları İranın nəzarətində qaldığı müddətdə ölkənin nüvə təhlükəsini aradan qalxmış hesab etməyəcək.