BAKI, 11 noyabr. TELEQRAF
“ABŞ-nin Avropadakı hərbi bazaları İran Hərbi Hava Qüvvələrinin yeni raketlərinin nəriltisini eşitməlidir”.
Teleqraf xəbər verir ki, bu barədə İran ali rəhbərinə bağlı “Keyhan” qəzeti yazıb.
“Təhdid coğrafiyasına qoyulan məhdudiyyətlər aradan qaldırılarsa, düşmən minlərlə kilometr uzaqlıqdakı Almaniya, Britaniya, Albaniya, Yunanıstan, Kipr və bəzi qonşu ölkələrdə yerləşən Amerika hərbi bazalarında yeni raketlərin nəriltisini eşitməlidir. İslam Respublikasının indiyədək təmkinli olması səbəbindən həmin ölkələrdəki ABŞ bazalarından qırıcıların havaya qalxmasını sadəcə seyr edən tərəflər də bu səsi eşitməlidirlər.
Hazırda İranın geniş coğrafiyasının hər tərəfində SEPAH-ın raket şəhərləri və dərin yeraltı tunellərindən ibarət vahid şəbəkə qurulub. Bu şəbəkə naməlum və keçilməz qala yaradıb. Əksər əyalətlərdə, strateji dağların içində, yerin yüzlərlə metr dərinliyində yerləşən bu strateji bazalar ölkənin nəhəng çəkindirmə potensialına zəmanət verir”.