BAKI, 11 noyabr. TELEQRAF
İran Argentinanın Hərbi Dəniz və Hərbi Hava qüvvələrini terror təşkilatları elan edib. Bu addım Buenos-Ayresin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil etməsinə cavab olaraq atılıb.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
“İran İslam Respublikası hökuməti qarşılıqlılıq prinsipinə əsaslanaraq və ABŞ-nin SEPAH-ı terror təşkilatı kimi tanımasına cavab olaraq qəbul edilmiş qanuna uyğun şəkildə, Argentinanın SEPAH-ı terror təşkilatları siyahısına daxil etməsinə cavab olaraq bu qanunun müddəalarını Argentinanın Hərbi Dəniz və Hərbi Hava qüvvələrinə şamil edir və onları terror təşkilatları elan edir”, - sənəddə qeyd olunur.
İran XİN-in bəyanatında vurğulanır ki, Argentinanın qərarı beynəlxalq hüququn fundamental prinsiplərinə ziddir. Nazirlik SEPAH-ın İranın rəsmi silahlı qüvvələrinin əsas dayaqlarından biri olduğunu bildirir. Vurğulanır ki, yaranacaq nəticələrə görə məsuliyyət Argentina hökumətinin üzərinə düşür.
Argentina martın sonunda SEPAH-ı terror təşkilatları siyahısına daxil edib. Buenos-Ayres bu qərarı 1992 və 1994-cü illərdə şəhərdə törədilmiş terror aktları ilə əsaslandırıb. Argentina tərəfinin versiyasına görə, həmin hücumları regionda SEPAH-ın əməliyyat bölməsi kimi fəaliyyət göstərən “Hizbullah” həyata keçirib.
Bundan sonra Buenos-Ayres İran Xarici İşlər Nazirliyinin bəyanatlarına görə İranın müvəqqəti işlər vəkilini Məhsen Tehrani arzuolunmaz şəxs elan edib.