BAKI, 9 noyabr. TELEQRAF

İranın xarici işlər nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi dəniz blokadası və müharibənin davam etdiyi, İranın aktivlərinin isə dondurulmuş vəziyyətdə qaldığı müddətdə ABŞ ilə danışıqların mümkün olmadığını bildirib.

Teleqraf xəbər verir ki, İsmayıl Bəqayi bu barədə keçirdiyi brifinqdə danışıb.

“Amerika ilə onları maraqlandıran müxtəlif məsələlər üzrə danışıqlara başlamağımızı, eyni zamanda dəniz blokadasının və müharibənin davam etməsini, aktivlərimizin isə dondurulmuş vəziyyətdə qalmasını təsəvvür edə bilərsinizmi?” – deyə Bəqayi bildirib.

Onun sözlərinə görə, İranın tələbləri İslamabad razılaşmalarına əsaslanır. Həmin razılaşmalarda hər iki tərəfin öhdəlikləri dəqiq şəkildə göstərilib. ABŞ bu öhdəliklərlə razılaşsa da, sonradan onları pozub.

Tehran həmçinin son aylarda İrana qarşı tətbiq edilmiş yeni sanksiyaların ləğvini tələb edir.

Qeyd edək ki, noyabrın 1-də İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının açılması ilə bağlı ikigünlük plan üzrə vasitəçilərlə məsləhətləşmələrin davam etdiyini, lakin hələlik yekun nəticənin əldə olunmadığını bildirib.