BAKI, 5 yanvar. TELEQRAF

“İrandakı mövcud vəziyyətin proqnozlaşdırılması çətindir və rejim devrilsə, bunun nəticələri təkcə regionla məhdudlaşmayacaq, Berlin divarının yıxılması kimi bütün dünya üçün əhəmiyyətli olacaq”.

Teleqraf xəbər verir ki, bu barədə “Jewish News Syndicate”ın (JNS) təhlilində deyilir.

Təhlildə bildirilir ki, İranın Ali dini rəhbəri Əli Xamenei döyüşkən ritorika ilə böhranı idarə etməyə, küçə etirazlarını xarici düşmənlərlə əlaqələndirməyə çalışır, amma onun açıqlamalarında qorxu əlamətləri açıq şəkildə hiss olunur.

İsrailli analitiklərə görə, İran hakimiyyətinin ölkədə davam etirazlar fonunda çəkingən davranması ABŞ Prezidenti Donald Trampın təhdidlərinin birbaşa nəticəsidir, bu dəfə həmin təhdidlər təkcə ritorik xarakter daşımır. Tramp xəbərdarlıq edib ki, İran hakimiyyəti dinc etirazları zorakılıqla yatırarsa, ABŞ müdaxilə edəcək.

Etirazlar coğrafi miqyası və iştirakçıların demoqrafik tərkibinə görə görünməmiş xarakter daşıyır. JNS Rusiya, Çin və Belarusdan İran ərazisinə qüvvə və silahların daxil olması ilə bağlı məlumatlara da diqqət çəkib.

Analizdə İsrailin mövqeyi aydın və dəyişməz kimi təsvir olunur: İran xalqına dəstək və açıq şəkildə Qərb və yəhudi xalqı ilə qarşıdurmada olan hakimiyyətə qarşı çıxmaq. Təhlilində davamında qeyd edilir ki, Donald Tramp indiyədək açıq şəkildə “rejim dəyişikliyi” ifadəsini işlətməsə də, İranda baş verən proseslər onu bu mövqeyə yaxınlaşdıra bilər.

JNS təhlil nəticəsində bu qənaətə gəlir ki, molla rejimi devrilsə, bunun nəticələri təkcə Yaxın Şərq yox, bütün dünyaya təsir edəcək: “Bu, Berlin divarının yıxılması ilə eyni səviyyədə hadisə və totalitarizm üçün elə bir məğlubiyyət olacaq ki, onu BMT-də qəbul ediləcək heç bir qətnamə kompensasiya edə bilməyəcək”.