BAKI, 6 dekabr. TELEQRAF

“ABŞ-nin keçmiş administrasiyalarının yürütdüyü yanlış siyasət İranı İraqda gücləndirdi və ona boşluğu doldurmağa imkan verdi”.

Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak deyib.

Amerika rəsmisi “The National” qəzetinə müsahibəsində bildirib:

“İran irəliləməyə başladı və İraqda yaranan boşluğu doldurdu. Çünki biz elə bir yanlış sistem yaratdıq ki, İranın proksiləri parlamentdən daha böyük nüfuza sahib oldular”.

Suriya üzrə xüsusi nümayəndə hesab edir ki, İraq ABŞ-nin təkrarlamamalı olduğu ciddi səhvlərin açıq nümunəsidir. Onun sözlərinə görə, hazırkı Baş nazir Məhəmməd Sudani bacarıqlı adamdır, amma onun real hakimiyyəti yoxdur, çünki parlamentdə koalisiya qura bilmir: “Buna səbəb “Həşd əş-Şabi” və onun parlamentdəki təmsilçiləridir, onlar prosesi əngəlləyirlər”.

Tomas Barak əlavə edib ki, Vaşinqton İraqda milyonlarla dollar xərcləyib və 20 il vaxt sərf edib, amma nəzərəçarpacaq nəticə əldə etməyib, buna görə də bu problemi həll edə bilməyəcəyini düşünür.

ABŞ rəsmisinin fikrincə, İraq və Suriyada əsas problem ondan ibarətdir ki, keçmiş Yuqoslaviyada olduğu kimi, vəziyyət parçalanma və kürdlərə muxtariyyətin verildiyi federal respublikaların yaranmasına gətirib çıxara bilər. Barak bölünmə təhlükəsi barədə xəbərdarlıq edərək bildirib ki, belə federasiyalar çox qısa müddət davam edə, sonra yenidən qarşıdurmalar başlaya bilər.