BAKI, 30 noyabr. TELEQRAF

"Türkiyə XİN başçısı ilə Qəzza və Fələstin də daxil olmaqla bölgədəki təhlükəsizlik məsələlərini müzakirə etdik".

Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

Əraqçi bildirib ki, son aylarda Yaxın Şərqdə gərginlik artmaqda davam edir:

"Region ölkələri arasında yaxın əməkdaşlıq və qarşılıqlı etimadın gücləndirilməsi vacibdir. Sabitlik yalnız birgə təhlükəsizlik mexanizminin qurulması ilə mümkündür. Livandakı vəziyyət, atəşkəsə riayət olunması və Suriya ilə bağlı humanitar və təhlükəsizlik məsələləri də diqqət mərkəzindədir. Suriyanın ərazi bütövlüyünün qorunması və bu ölkənin sabitliyə töhfə verə biləcək vəziyyətdə olması tərəflərin ortaq mövqeyidir."

Əraqçi bildirib ki, İran nüvə proqramına dair həmişə ədalətli və bərabər şərtlər əsasında danışıqlara hazırdır.

Nazir əlavə edib ki, Ukrayna münaqişəsi və Avropa təhlükəsizliyi də danışıqların gündəliyində olub:

"Üç saatdan çox davam edən görüş çərçivəsində ikitərəfli və regional məsələlər geniş müzakirə olundu. Tərəflərin münasibətləri daha koordinasiyalı şəkildə davam etdirməsi vacibdir."