BAKI, 8 oktyabr. TELEQRAF
“Türkiyə demokratiyasını yeni, sivil Konstitusiya ilə taclandırmaq əzmimiz bu gün də sarsılmaz olaraq qalır”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bunun arxasında şəxsi narahatlıqlar deyil, qlobal səbəblər dayanır. Bu, yaxşı bilinən bir həqiqətdir: həm 1961, həm də 1982-ci il konstitusiyaları demokratik fəaliyyətə, onun ayrılmaz hissəsi olan siyasi partiyalara və xüsusilə də milli iradəyə qarşı duyulan etimadsızlığın izləri ilə doludur”, - dövlət başçısı qeyd edib.
Prezident Ərdoğan həmin konstitusiyaların mətnlərinin özünü xalqdan üstün tutanların yanaşmalarına uyğun şəkildə tərtib edildiyini bildirib:
“Son illərdə aparılan genişmiqyaslı islahatlara baxmayaraq, yeni və sivil Konstitusiyaya ehtiyac tam şəkildə ödənilməyib. Çevrilişlərdən deyil, millətin müdrikliyindən güc alan, demokratiya təcrübəmizi əks etdirən, hərbi müdaxilələrin mənfi mirasını rədd edən sivil bir Konstitusiya hələ də vətəndaşlarımızın arzusudur. Yeni və sivil konstitusiya hədəfi məhz buna görə onilliklərdir qarşımızda dayanan milli bir məsələdir. Durumdan asılı olmayaraq, bu məqsəddən əl çəkməmişik və çəkməyəcəyik”.