BAKI, 8 oktyabr. TELEQRAF
“Suriyanın yenidən qeyri-sabitliyə sürüklənməsinə əsla icazə verməyəcəyik. Türkiyə orada baş verən bütün hadisələri yaxından izləyir. Bizim səbirli, soyuqqanlı və ləyaqətli mövqeyimiz heç vaxt zəiflik kimi qəbul edilməməlidir”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Suriya Demokratik Qüvvələri (SDQ) verdiyi sözə əməl etməlidir, Suriyanın birləşmə prosesini tamamlamaq onların borcudur. Əgər ortaq tarix və ortaq gələcək ruhu ilə hərəkət edilərsə, inanıram ki, bir çox problemlər həll olunar. Daha əvvəl də söyləmişəm: üzünü Ankara və Dəməşqə tutanlar qazanacaq.
Türk-kürd-ərəb ittifaqı bölgədə əbədi sülhün və sabitliyin açarıdır. Heç kim təxribatlara uymamalı, yanlış ümidlərə qapılmamalıdır. Haləbdəki gərginlik zamanı Suriya hökuməti təmkinini qoruyub və Suriya Demokratik Qüvvələrindən 10 mart razılaşmasına uyğun davranmağı gözlədiyini bəyan edib. Suriyanın ərazi bütövlüyü bizim üçün qırmızı xətdir. Buna zidd istənilən mövqeni qəbul etməyimiz mümkün deyil.
Suriya Prezidenti Əhməd Şaraa və onun hökuməti də bu məsələdə bizimlə eyni fikirdədir. Türkiyə olaraq Suriya xalqının yanında olmağa davam edəcəyik”, - dövlət başçısı bildirib.