BAKI, 3 oktyabr. TELEQRAF
ABŞ Suriyadakı hərbi qüvvələrini çıxarmaq qərarını təxirə salıb.
Teleqraf xəbər verir ki, bu barədə “Al-Monitor” Pentaqondakı mənbələrə istinadla məlumat yayıb.
Pentaqon mənbələri Dəməşqdəki müvəqqəti hökumətin kövrəkliyi, təhlükəsizlik risklərinin davam etməsi və İŞİD-in yenidən strukturlaşdırılması ehtimalı səbəbindən geri çəkilmə prosesinin təxirə salındığını açıqlayıb.
“Al-Monitor”a danışan iki ABŞ rəsmisi geri çəkilmənin dayandırılmasının əsas səbəbini “Suriyadakı siyasi qeyri-sabitlik” kimi izah edib. ABŞ-nin məqsədi hərbi mövcudluğunu 1000-dək azaltmaq idi, amma bu plan dayandırıldı.
Başqa bir rəsmi “Reuters” agentliyinə deyib: “Mövcud vəziyyət İŞİD-in yenidən təşkilatlanması üçün münbit zəmin yaradır. Ona görə də biz təhlükəsizlik missiyamıza diqqəti artıracağıq”.
“Suriya Demokratik Qüvvələri” (SDQ) son həftələr Hasəkə yaxınlığındakı Qəsraq bazasında ABŞ-nin rəhbərlik etdiyi koalisiya ilə geniş təlimlər keçirib. Təlim həm potensial yeni hücumlara hazırlıq, həm də Vaşinqtondan “geri çəkilməyəcəyik” mesajı kimi qiymətləndirilir.
Bu arada, Dəməşqlə SDQ arasında, xüsusən də Tişrin bəndi ətrafında artan gərginlik diqqət çəkir.