BAKI, 1 oktyabr. TELEQRAF

İŞİD terror təşkilatı ilə mübarizə aparan beynəlxalq koalisiyanın üzvləri - ABŞ və müttəfiqləri mövcud plana uyğun olaraq İraqdakı hərbi mövcudluğunu azaldacaq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin ictimai əlaqələr üzrə köməkçisi Şon Parnel məlumat verib.

“ABŞ və koalisiya tərəfdaşları prezidentin göstərişinə və ikitərəfli hərbi komissiyanın qərarına uyğun olaraq İraqdakı hərbi missiyalarını azaldacaqlar”, - rəsmi bildirib.

Parnellin sözlərinə görə, ABŞ və müttəfiqlərinin İraqdakı hərbi mövcudluğunun azaldılması İŞİD-ə qarşı mübarizədə birgə uğuru və əvvəllər əldə edilmiş razılaşmalar əsasında İraqla təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq formatına keçidi əks etdirir.

Şon Parnell əmin edib ki, Vaşinqton Bağdadla ikitərəfli əməkdaşlığa məsuliyyətli keçidi təmin etmək üçün İraq hökuməti və koalisiya üzvləri ilə yaxından əlaqələndirməyə davam edəcək.