BAKI, 17 iyul. TELEQRAF

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iranlı həmkarı Əli Əkbər Əhmədianla telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, Qriqoryan İsrail və İran arasında 12 gün davam edən müharibə zamanı həlak olanların ailələrinə başsağlığı verib, yaralılara isə tezliklə sağalmağı arzulayıb.

Qeyd edilir ki, telefon danışığında Ermənistan və İran arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

"Qriqoryan bölgədə nəqliyyat yollarının açılması ilə bağlı Ermənistanın mövqeyini bir daha vurğulayıb. O qeyd edib ki, bu məsələ ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsiplərinə əsaslanmalıdır. Əhmadian isə İranın da bu mövqeyi dəstəklədiyini bildirib", - məlumatda deyilir.

Tərəflər, həmçinin regionda son hadisələri müzakirə edərək, bölgədə təhlükəsizlik və sabitliyin qorunmasının vacibliyini vurğulayıblar.