BAKI. 12 iyul. TELEQRAF

İsrailin Baş naziri Binyamin Netanyahu 2024-cü ilin aprelində Qəzza sektorunda atəşkəsə razılaşa bilərdi, lakin öz siyasi mövcudluğunu qorumaq naminə bundan imtina etdi.

Teleqraf xəbər verir ki, “The New York Times” qəzeti İsrail, ABŞ və ərəb ölkələrindən olan 110-dan çox mənbə ilə söhbətdən sonra bu nəticəyə gəlib.

Nəşr müəyyən edib ki, koalisiyadakı ultrasağçı müttəfiqlərinin təzyiqi altında Netanyahu, Fələstinin radikal HƏMAS hərəkatının razılaşmaya ən çox hazır olduğu anlarda danışıqların gedişini ləngidib. O, hətta İsrail hərbi rəhbərliyi bunu zəruri hesab etmədiyi hallarda belə döyüş əməliyyatlarının davam etdirilməsində israr edib. 2025-ci ilin yanvarında tərəflər nəhayət atəşkəs barədə razılığa gələndə isə, Netanyahu mart ayında, o cümlədən sağçı qüvvələri narazı salmamaq üçün atəşkəsi pozub.

Qəzet yazır ki, Netanyahunun Qəzzada müharibəni bitirmək istəməməsi minlərlə fələstinlinin ölümünə səbəb olub, bəzi girovların evlərinə sağ qayıtmasına imkan verməyib, İsrail cəmiyyətindəki fikir ayrılığını gücləndirib, Səudiyyə Ərəbistanı ilə sülh müqaviləsini pozub və beynəlxalq ictimaiyyətin gözündə İsrailin imicini ləkələyib.

“The New York Times” hesab edir ki, Baş nazirin özü üçün müharibənin nəticələrini son dərəcə faydalı hesab etmək olar. O, hakimiyyəti öz əlində cəmləşdirib, HƏMAS-ın 7 oktyabr 2023-cü il tarixində İsrailə hücumunun araşdırılmasının qarşısını alıb, koalisiyasını gücləndirib, İrana hücumu planlaşdırmaq və həyata keçirmək imkanı əldə edib.

“Netanyahunun ən sadiq tərəfdarları da etiraf edirlər ki, döyüş əməliyyatlarının davam etdirilməsi ona öz postunu qorumağa imkan verdi”, - qəzet yazır.