BAKI, 11 iyul. TELEQRAF

PKK-lı ilk qrup Kazana mağarasında silahlarını tonqala atıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

30 nəfərlik qrupun 4-ünün "zabit" olduğu bildirilir.

Qrup üzvləri Abdullah Öcalanın çağırışına uyğun olaraq bu addımı atdıqlarını bildiriblər.

****

12:18

"Terrorsuz Türkiyə" prosesi çərçivəsində keçmiş PKK-nın bir qrupu bu gündən silahlarını təhvil verməyə başlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

Məlumata görə, silahlar İraqın Süleymaniyyə şəhərinin Raperin bölgəsində təhvil verilir.

Bir az sonra mərasimin videosunun yayılacağı gözlənilir.

***

10:56

Tərksilah mərasimin İraq Kürdistan bölgəsinin Süleymaniyyə şəhərinin Dokan qəsəbəsində keçiriləcəyi güman edilir.

Teleqraf- ın xəbərinə görə DEM partiyası heyəti, jurnalistlər, QHT rəhbərləri, ictimaiyyət nümayəndələri avotomobil karvanı Dokan qəsəbəsində dayanıb.

Qeyd edək ki, görüşün dəqiq yeri təhlükəsizlik problemlərinə görə gizli saxlanılırdı.

Tərksilah mərasiminin bir az sonra başlayacağı bildirilir.

***

09:57

MHP sədri Dövlət Baxçalının müraciəti ilə başlayan “Terrorsuz Türkiyə” prosesi çərçivəsində PKK (Kürd Fəhlə Partiyası) bu gün İraqın Süleymaniyyə şəhərinin kənarında tərksilah mərasimi keçirəcək.

Teleqraf-ın xəbərinə görə mərasimi izləmək üçün Xalqların Bərabərlik və Demokratiya Partiyasının deputatları, jurnalistlər, ictimaiyyətin nümayəndələri dəvət edilib.

Mərasimin dəqiq yeri təhlükəsizlik səbəbindən açıqlanmır. Tədbirin detalları əsasən məxfi saxlanılır. Bir neçə silahın yandırılacağı mərasimin bir saat davam edəcəyi məlumdur.

PKK-nın qurucu lideri Abdullah Öcalan iki gün qabaq yaydığı videomüraciətdə silahlı mübarizə dövrünün bitdiyini, PKK fəaliyyətinə xitam verildiyini elan etmişdi.