BAKI, 24 iyun. TELEQRAF

Atəşkəs razılaşması qüvvəyə mindikdən üç saat sonra İrandan raket zərbələri ilə İsrailin şimal bölgəsində həyəcan siqnalları işə salınıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Siqnalların çalındığı ərazilərdə yaşayan sakinlərdən növbəti xəbərdarlığa qədər sığınacaqlarda qalmaları xahiş olunub.

Ölkənin şimal əraziləri üzərində İranın iki ballistik raketinin zərərsizləşdirildiyi bildirilib.

İsrail Fövqəladə Hallar Xidmətindən bildirilib ki, İsrailin şimalına doğru son buraxılışlardan sonra itki və dağıntılar barədə məlumat yoxdur.

İsrailin maliyyə naziri Bezalel Smotriç sosial media hesabında İranın hava hücumuna sərt reaksiya verib: “Tehran titrəyəcək”.

İsrailin keçmiş müdafiə naziri Aviqdor Liberman da sosial şəbəkədə bu barədə yazıb: “Dayanmamalıyıq, dərhal cavab verməliyik”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl İsrail və İran arasında atəşkəs razılaşması əldə olunduğunu və onun artıq qüvvəyə mindiyini açıqlamışdı. Dövlət başçısı tərəfləri atəşkəsə əməl etməyə çağırmışdı.