BAKI, 16 iyun. TELEQRAF
İran xüsusi xidmət orqanları ölkə ərazisində İsrail tərəfindən yerləşdirilmiş uzaqdan idarə olunan "Spike" tipli tank əleyhinə raket komplekslərini aşkarlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb.
Məlumata görə, bu raket kompleksləri internet üzərindən uzaqdan idarəetmə və nəzarət sistemləri ilə təchiz olunub. Onların əsas məqsədi İranın hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq olub.
Telekanal komplekslərin ölkənin hansı bölgəsində yerləşdirildiyini açıqlamayıb.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.