BAKI, 16 may. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələri Yəməndə Husi üsyançılarına aid infrastruktur obyektlərinə hava zərbələri endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Hücumlar husilərin nəzarətində olan Əl-Hodeyda əyalətinin Qırmızı dəniz sahilində yerləşən Hodeyda və Əs-Salif limanlarına yönəlib. İsrail tərəfi bu limanların Husi qiyamçıları tərəfindən silah daşımalarında istifadə edildiyini iddia edir.

Zərbələr mülki əhalinin zərər görməməsi üçün əvvəlcədən edilən çoxsaylı xəbərdarlıqlardan sonra həyata keçirilib.

“Bu limanlarda düşmənçilik fəaliyyətlərinin qarşısı alınmağa davam ediləcək. Son bir il yarım ərzində Husi rejimi İranın göstərişi və maliyyə dəstəyi ilə İsrailə və onun müttəfiqlərinə qarşı hücumlar təşkil edir. Bu limanların silah tədarükü üçün istifadə olunması səbəbilə, İsrail Müdafiə Qüvvələri (IDF) terrorçulara qarşı əməliyyatlarını davam etdirir”, – bəyanatda deyilir.

İsrail ordusu vurğulayıb ki, regionda sabitliyi pozan hər hansı fəaliyyətə qarşı məsafədən asılı olmayaraq cavab verməyə davam edəcək.