BAKI, 8 aprel. TELEQRAF

Tehran Vaşinqtonun öz məqsədlərinə nail olmaq məqsədilə təzyiq göstərmək və ya hədə-qorxu gəlmək üçün birbaşa danışıqlardan istifadə edəcəyindən narahat olduğu üçün nüvə proqramı ilə bağlı ABŞ ilə dolayı danışıqlarda israrlıdır.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.

Nazir danışıqların gələcəkdə birbaşa xarakter daşıması planlarının olmadığını da bildirib.

Əraqçi həmçinin qeyd edib ki, Tehran sanksiyaların yüngülləşdirilməsi müqabilində etimadı artıran güzəştlərə getməyə hazırdır:

“Danışıqlarda əsas məqsədimiz təbii olaraq insanların hüquqlarının bərpası, eləcə də sanksiyaların aradan qaldırılmasıdır və qarşı tərəfin real iradəsi varsa, bu, mümkündür və bunun birbaşa və ya dolayı yolla olmasının heç bir fərqi yoxdur.

Hələlik dolayı danışıqlar bizim üçün üstünlükdür və bunu dəyişdirmək üçün heç bir planımız yoxdur”.

Xatırladaq ki, ABŞ və İran arasında görüş həftəsonu Omanın vasitəçiliyi ilə bu ölkədə keçiriləcək. Görüşdə İran nümayəndə heyətinə Əraqçi, ABŞ heyətinə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edəcək. Müzakirələrdə vasitəçi Oman xarici işlər naziri olacaq.