BAKI, 7 aprel. TELEQRAF

İranın İraqdakı bir neçə proksi qrupu ABŞ ilə artan münaqişə təhlükəsinin qarşısını almaq üçün tərksilah olmağa hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə həmin qruplara və İraq rəsmilərinə istinadla “Reuters” agentliyi məlumat yayıb.

Məsələ 4 silahlı qruplaşmanın tərksilah edilməsi ilə əlaqəlidir. Məlumatda deyilir ki, məsələ yanvarda Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ rəsmilərinin İraq hökumətinə xəbərdarlığından sonra gündəmə gəlib.

Rəsmilər Bağdada deyiblər ki, əgər o, öz ərazisində fəaliyyət göstərən proksiləri dağıtmaq üçün hərəkətə keçməsə, Amerika hava hücumları ilə qrupları hədəfə ala bilər.

İraqlı siyasətçi İzzət əl-Şahbəndər “Reuters”ə bildirib ki, Baş nazir Məhəmməd əl-Sudani ilə danışıqlardan sonra bir neçə qrupun liderləri ABŞ-nin tərksilah çağırışlarına əməl etməyə meyllidirlər. Söhbətin İranın İraqda qurduğu və dəstəklədiyi “Kətaib Hizbullah”, “Nücəba”, “Kətaib Seyyid əl-Şühada” və “Ənsarallah əl-Əvfiyyə” qruplaşmalarından gedir.

İranın İraqdakı ən böyük proksi qüvvəsi hesab olunan “Kətaib Hizbullah”dan agentliyə deyilib: “Tramp bizimlə müharibəni daha pis səviyyələrə qaldırmağa hazırdır, bunu bilirik və biz belə pis ssenaridən qaçmaq istəyirik”.

Xatırladaq ki, ABŞ və İsrail mediası bundan əvvəl Amerikanın Yaxın Şərqdəki hərbi qüvvələrinin İrana hava hücumlarına hazırlaşdıqları barədə məlumat yayımışdı.