BAKI, 21 mart. TELEQRAF

Müdafiə naziri İsrael Katz HƏMAS hələ də saxladığı girovları azad etməkdən imtina edərsə, Qəzza zolağının ərazilərini İsrailə ilhaqıyla hədələyib.

Teleqraf xəbər verir ki, o, İsrail ordusuna Qəzza zolağının əlavə ərazilərini nəzarətə götürməyi tapşırıb, həmçinin həmin ərazilərdə fələstinli mülki vətəndaşların təxliyəsi barədə göstəriş verib.

“HƏMAS terror təşkilatı girovları azad etməkdən imtinaya davam edərsə, mən İsrail Müdafiə Qüvvələrinə əlavə əraziləri ələ keçirməyi, əhalini təxliyə etməyi, İsrail sakinləri və hərbçilərinin müdafiəsi üçün Qəzza ətrafındakı təhlükəsizlik zonasını genişləndirməyi tapşırmışam.

HƏMAS imtinaya davam etdikcə, İsrailə əlavə olunacaq daha çox torpaq itirəcək”, - Katz vurğulayıb.

Müdafiə naziri əlavə edib ki, İsrail girovlar azad edilənə və HƏMAS məğlub olanadək ona qarşı hərbi kampaniyasını gücləndirəcək. Katz bura həmçinin quru əməliyyatlarının keçirilməsinin də daxil olduğunu açıqlayıb.

“İsrail Qəzzanın cənubundakı əhalinin təxliyəsi və ABŞ Prezidenti Trampın Qəzza sakinləri üçün könüllü miqrasiya planını həyata keçirmək də daxil olmaqla, bütün hərbi və mülki təzyiqlərdən istifadə edəcək”, - İsrail müdafiə naziri söyləyib.