
BAKI, 19 mart. TELEQRAF
Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında nizamlanma ilə bağlı İsraillə danışıqlardan imtina etmədiyini bildirib.
Teleqraf xəbər verir ki, bunu təşkilatın siyasi bürosunun mətbuat katibi Tahir ən-Nunu "Agence France-Presse" agentliyinə açıqlamasında deyib.
“HƏMAS danışıqlardan imtina etməyib, biz hesab edirik ki, yeni razılaşmalara ehtiyac yoxdur. Artıq bütün tərəflər tərəfindən imzalanmış bir müqavilə var”, – o vurğulayıb.
Mətbuat katibi Qəzzaya aviazərbələrin dərhal dayandırması və danışıqların ikinci mərhələsinin başlaması üçün beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə və İsrailə təzyiq göstərməyə çağırıb.
Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzzadakı HƏMAS obyektlərinə kütləvi zərbələr endirdiyini açıqlayıb. Baş nazir Benyamin Netanyahunun ofisi bunu ABŞ və digər vasitəçilərin təkliflərinin radikallar tərəfindən rədd edilməsi ilə izah edib.
HƏMAS isə atəşkəsin pozulmasına görə İsrail və ABŞ-ni günahlandırıb.
Baş verənlər fonunda Yəmənin “Ənsar Allah” (Husilər) hərəkatı İsraillə əlaqəli gəmilərə qarşı Qırmızı dənizdə hücumlarını bərpa edəcəyini elan edib.