
BAKI, 18 mart. TELEQRAF
İsrailin Qəzza zolağında yeni hərbi əməliyyatlarla irəliləmək üçün konkret planı var.
Teleqraf xəbər verir ki, bunu İsrail rəsmisi “The Times of Israel” qəzetinə deyib.
“Əgər hər hansı bir məqamda qarşı tərəf (HƏMAS) səmimi danışıqlara qayıtmaq qərarına gəlsə və real danışıqlara qayıtsa, o zaman hücumu dayandıracağıq, başqa seçim yoxdur”, - rəsmi bildirib.
Başqa bir ölkə rəsmisi “Israel Hayom” qəzetinə söyləyib ki, İsrailin Qəzzada yenilənmiş hava əməliyyatında məqsədi HƏMAS-ı girov danışıqlarında ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun təklifi ilə razılaşmağa sövq etməkdir:
“İsrail HƏMAS-ın Uitkoffun təklifi üzrə ciddi danışıqlara başlaması üçün üç həftə gözlədi, amma bu baş vermədi”.
Uitkoffun təklifi aprelin ortalarına, Pasxa bayramına qədər davam edəcək atəşkəs dövründə girovların yarısının azad edilməsi ilə əlaqəlidir. Yenə həmin təklifə görə, müharibənin dayandırılması ilə bağlı razılaşma əldə olunarsa, qalanları da sərbəst buraxılacaq.
Həmçinin “The Times of Israel” yazdığına görə, yeni hücumların genişlənəcəyi ilə əlaqədar İsrail Müdafiə Qüvvələri Qəzzanın bəzi bölgələri üçün evakuasiya əmri verib.