
BAKI, 6 mart. TELEQRAF
ABŞ Dövlət katibi Marko Rubio Fələstinin HƏMAS Hərəkatını Prezident Donald Trampın təhdidlərini ciddi qəbul etməyə çağırıb.
Teleqraf xəbər verir ki, o, artıq ABŞ liderinin səbrinin tükəndiyini bildirib.
"İnsanlar bilmirlər ki, prezident bu adamlarla görüşür, onların hekayələrini dinləyir və qəzəblənir, o haqlıdır. O, hər həftəsonu arıqlamış girovların sərbəst buraxıldığı və cəsədlərin təhvil verildiyi videolara baxmaqdan bezib, bəzən də səhv cəsədlər verilir. Bütün bunlar onun səbrini tükəndirib. Əgər bir şey edəcəyini deyirsə, bunu edəcək. Ona görə də bunu ciddi qəbul etsələr, yaxşı olardı", - Rubio vurğulayıb.
Xatırladaq ki, Tramp bundan əvvəl HƏMAS liderlərinə girovları azad etmək və Qəzzadan qaçmaq üçün ultimatum verib.
"Girovların hamısını indi, gecikmədən buraxın və öldürdüyünüz insanların bütün cəsədlərini dərhal qaytarın, yoxsa sizin üçün hər şey bitəcək. Bu, sizə son xəbərdarlıqdır. Hələ şansınız varkən, Qəzzanı tərk etməyin vaxtıdır", - ABŞ prezidenti belə deyib.