BAKI, 30 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı öz dostu adlandırıb.

Teleqraf xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin Şimali Koreyanın nüvə silahına sahib olmasının mümkünlüyü, lakin İrana bunun niyə icazə verilməməsi ilə bağlı sualını cavablandırarkən Kim Çen Inla münasibətlərindən danışıb.

"O, mənim dostumdur. Trampı sevir. Mən də onu sevirəm. Nə qədər ki, mən buradayam, onun üçün hər şey yaxşı olacaq. Bilirsiniz niyə? Çünki o, mənə hörmət edir", - ABŞ Prezidenti bildirib.

Qeyd edək ki, Şimali Koreya nüvə dövləti statusunun dəyişməz olduğunu dəfələrlə bəyan edib.

Ölkənin xarici işlər naziri Çve Son Hi ABŞ, Yaponiya və Cənubi Koreya xarici işlər nazirlərinin üçtərəfli görüşünü şərh edərkən bildirib ki, Pxenyan Vaşinqton və müttəfiqlərinin mövqeyindən asılı olmayaraq nüvə silahından imtina etmək niyyətində deyil.