BAKI, 30 sentyabr. TELEQRAF

Böyük Britaniyada məşhur "Oasis" rok qrupuna məxsus, 100 saatdan çox səs yazısını əhatə edən arxiv məhkəmə iddiası təhlükəsi səbəbindən hərracdan çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.

"Littleton Auctions" hərrac evinin rəhbəri Ben Homer bildirib ki, oktyabrın 3-nə planlaşdırılan satış hüquqi mübahisə səbəbindən təxirə salınıb. Onun sözlərinə görə, tərəflər mübahisənin məhkəmə və ya digər qanuni yollarla həllinə imkan yaratmaq üçün razılığa gəliblər.

Arxivin ilkin qiyməti 1,6-2,12 milyon dollar arasında qiymətləndirilib.

"The Desk Tapes" adlanan arxivdə qrupun məşqləri, konsertləri və üzvləri arasındakı söhbətlərin səs yazıları yer alır. Kolleksiyaya 209 rəqəmsal audiokaset, 73 analoq kaset və üç minidisk daxildir.

Yazılar 1994-2001-ci illərdə qrupla əməkdaşlıq etmiş səs rejissoru Hyu Riçards tərəfindən hazırlanıb. Arxivi satışa onun oğlu Oueyn Riçards çıxarmaq istəyib.

Kolleksiyada qrupun 1996-cı ildə Şotlandiyada, Lox-Lomond gölünün sahilində verdiyi və indiyədək yayımlanmamış konsertin yazısı da var.

Qeyd edək ki, 1991-ci ildə Noel və Liam Qallager qardaşları tərəfindən yaradılan "Oasis" 2009-cu ildə dağılıb. Qardaşlar 2025-ci ildə yenidən bir araya gələrək 41 konsertdən ibarət turneyə çıxıblar. Onların sərvəti 496 milyon dollar qiymətləndirilir. Qrup növbəti il üçün Böyük Britaniya, Avropa, İrlandiya və ABŞ-ni əhatə edən 42 konsertlik yeni turne də elan edib.