BAKI, 30 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın sentyabrın 30-da Cənubi Koreyanın Amerika iqtisadiyyatına təxminən 200 milyard dollarlıq investisiya planını açıqlayacağı gözlənilir. Vəsaitin 54 milyard dollarının Alyaskada mayeləşdirilmiş təbii qazın (LNG) ixracı layihəsinə yönəldilməsi nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Trampın dəfələrlə dəstəklədiyi "Alaska LNG" layihəsinin həyata keçirilməsi yüksək maliyyə xərcləri və tikinti işlərinin miqyası səbəbindən illərdir ləngiyir. Layihə çərçivəsində təxminən 1200 kilometr uzunluğunda qaz kəmərinin və ixrac terminalının inşası planlaşdırılır.

Cənubi Koreyanın investisiyalarının layihənin reallaşdırılmasında həlledici rol oynayacağı gözlənilir. Məqsəd Alyaska qazının nəqlini təmin etmək və onun böyük hissəsini Asiya bazarlarına ixrac etməkdir.

Xatırladaq ki, ABŞ və Cənubi Koreya 2025-ci ildə Amerika layihələrinə 350 milyard dollarlıq investisiya yatırılmasını nəzərdə tutan ticarət sazişi imzalayıblar.

Trampın sentyabrın 30-da həmin razılaşma çərçivəsində maliyyələşdiriləcək ilk layihələri elan edəcəyi gözlənilir.