BAKI, 30 sentyabr. TELEQRAF
ABŞ Kubaya qarşı sanksiyaları növbəti dəfə sərtləşdirərək ölkənin, o cümlədən özəl sektorun maliyyə əməliyyatlarına yeni məhdudiyyətlər tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilib.
Yeni qaydalara əsasən, Kubanın güc strukturları və “Grupo de Administración Empresarial S.A.” (GAESA) konqlomeratı ilə əlaqəli təşkilatlarla maliyyə əməliyyatlarına qadağa qoyulub.
Bundan başqa, 2024-cü ildən ABŞ banklarına müəyyən şərtlərlə Kuba ilə bağlı dollar ödənişlərini həyata keçirməyə imkan verən ümumi lisenziya ləğv edilib. Kubada müstəqil fəaliyyət göstərən özəl sahibkarların adına ABŞ banklarında hesabların açılması və idarə olunmasına verilən icazə də aradan qaldırılıb.
Vaşinqton ABŞ vətəndaşlarının Kubaya bəzi səfər kateqoriyalarını da məhdudlaşdırıb. Mədəni mübadilə proqramlarında, konfrans və peşəkar görüşlərdə iştirak üçün bundan sonra ABŞ hakimiyyətinin icazəsi tələb olunacaq.
Donald Tramp administrasiyası Kubaya qarşı ticarət embarqosunun müddətini 14 sentyabr 2027-ci ilədək uzadıb. Havana isə ABŞ-nin təzyiqlərinin gücləndirilməsinin yanacaq çatışmazlığını, elektrik enerjisi ilə bağlı fasilələri və ölkədəki iqtisadi böhranı dərinləşdirdiyini bildirir.