BAKI, 30 sentyabr. TELEQRAF
Avropa ölkələri süni intellekt sahəsində ABŞ ilə müqayisədə kifayət qədər potensiala malik deyil və Amerikanın köməyinə ehtiyac duyurlar.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə iri texnologiya şirkətlərinin rəhbərləri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.
"Amerika texnologiya şirkətləri raket sürəti ilə inkişaf edir. Bu, ölkəmiz üçün inanılmaz artımdır. Bütün bu şirkətlər bizdədir. Avropaya bütün hörmətimlə, onlarda belə şirkətlər yoxdur. Onlar bizim köməyimizə arxalanmalı olurlar", – Tramp deyib.
ABŞ Prezidenti süni intellekt modellərinin mürəkkəbliyinə diqqət çəkərək onların bəşəriyyətin rifahı naminə istifadə ediləcəyinə inandığını bildirib.
"Əgər belə olmasa, onları bloklaya bilərik. Lakin bu sahədə özünütənzimləmə olduqca mühüm rol oynayacaq", – o vurğulayıb.
Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə təhlükəsizlik tədbirlərinə dair sənəd imzaladığını da açıqlayıb. Onun sözlərinə görə, sənəddə mənəvi öhdəliklər də nəzərdə tutulub. Lakin Prezident həmin öhdəliklərin məzmununu açıqlamayıb.
Görüşdə iştirak edən "SpaceX" şirkətinin qurucusu İlon Mask da süni intellektin inkişafı ilə bağlı müzakirələrə qatılıb. Tramp süni intellektin "superintellekt" adlandırılmasını təklif edib və Mask da bu ifadədən istifadə edib.