BAKI, 30 sentyabr. TELEQRAF
Şimali Kipr sahillərində 267 nəfərin olduğu sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayının 18-ə çatdığı bildirilir.
Teleqraf xəbər verir ki, 14 nəfərin axtarışları davam etdirilir.
Hadisə avqustun 30-da Girnə limanından Türkiyənin Taşucu şəhərinə hərəkət edən "FiloJet" katamaranının qəzaya uğraması nəticəsində baş verib. Gəmi limandan ayrıldıqdan qısa müddət sonra su almağa başlayıb və sahildən təxminən dörd mil məsafədə çevrilərək batıb.
TASS-ın məlumatına görə, gəmi 514 metr dərinliyə qərq olub. İlkin məlumatlarda 239 nəfərin xilas edildiyi bildirilsə də, Şimali Kipr lideri Tufan Erhürman sonradan bu rəqəmin 241 olduğunu açıqlayıb.
Həlak olanlar arasında Rusiya vətəndaşı da var.
Hadisə ilə bağlı araşdırma aparılır. Gəminin naməlum obyektlə toqquşması ehtimalı yoxlanılır. Ekipaj üzvləri isə qəzanın katamaranın burun hissəsinin qopması nəticəsində baş verdiyini iddia edirlər.
İstintaq çərçivəsində gəminin kapitanı da daxil olmaqla 14 nəfərin həbs edildiyi bildirilir.
Türkiyə axtarış-xilasetmə əməliyyatlarına hərbi dəniz qüvvələrini, sahil mühafizə katerlərini və helikopterləri cəlb edib.