BAKI, 30 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Çinin dövlət başçısı Si Cinpinlə keçirdiyi görüşün nəticələrini Amerikanın iri texnologiya şirkətlərinin rəhbərləri ilə ətraflı müzakirə edib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Bəli, biz bunu kifayət qədər ətraflı müzakirə etdik. Çin Sədri Si Cinpinlə möhtəşəm görüşümüz oldu", - ABŞ Prezidenti deyib.

Qeyd edək ki, Tramp sentyabrın 29-da ABŞ-nin bir sıra iri texnologiya şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşdə əsas müzakirə mövzularından biri süni intellekt texnologiyalarının inkişafı olub.

Si Cinpin sentyabrın 23-25-də ABŞ-də dövlət səfərində olub və Donald Trampla görüşüb.

Ağ Evin səfərin yekunlarına dair açıqlamasına əsasən, Vaşinqton və Pekin süni intellektlə bağlı müxtəlif insidentləri müzakirə etmək üçün xüsusi kommunikasiya kanalının yaradılması barədə razılığa gəliblər. Tərəflər, həmçinin bu texnologiyanın riskləri və üstünlükləri barədə fikir mübadiləsi aparmaq məqsədilə dialoqa başlayıblar.