BAKI, 30 sentyabr. TELEQRAF
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə, Xocalı və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Köçürülənlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə – 60 nəfər, Xocalı şəhərinə 17 ailə – 78 nəfər, Xocavənd şəhərinə isə 16 ailə – 55 nəfər köçürülür.
Beləliklə, növbəti köç çərçivəsində ümumilikdə 42 ailə – 193 nəfər doğma yurduna qayıdır.
Sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Onlar, həmçinin Azərbaycan Ordusuna, əsgər və zabitlərə minnətdarlıqlarını ifadə edib, torpaqların azadlığı uğrunda şəhid olanların xatirəsini ehtiramla anıblar.