BAKI, 29 sentyabr. TELEQRAF

Suriya xarici işlər naziri Əsəd Şibani Avropa İttifaqını Bəşər Əsəd rejimi dövründə Dəməşqə qarşı tətbiq edilmiş birtərəfli sanksiyaları ləğv etməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla Dəməşqdə keçirdiyi mətbuat konfransında bildirib.

“Biz Suriya hökumətinə, dövlət qurumlarına və təşkilatlarına qarşı Avropa sanksiyalarının aradan qaldırılacağına ümid edirik”, - diplomat deyib.

Şibani Kallasın Dəməşqə səfərini çox mühüm və vaxtında atılmış addım adlandırıb. Onun sözlərinə görə, “Suriyada sabitlik birbaşa Avropanın təhlükəsizliyinə təsir göstərir: “Ölkəmiz əhəmiyyətli potensiala malikdir və regionda Avropa İttifaqının əsas tərəfdaşlarından birinə çevrilə bilər. Aİ-nin müharibənin nəticələrinin aradan qaldırılması istiqamətində səylərimizə yardım göstərəcəyinə ümid edirik”.

Kaya Kallas cavab nitqində qeyd edib: “Suriya ilə tərəfdaşlıq münasibətlərini möhkəmləndirməyə və daha çox investisiya cəlb etməyə hazırıq. Suriyada real və uğurlu keçid prosesinə nail olmağa çalışırıq”.