BAKI, 30 sentyabr. TELEQRAF
“Sevinirik ki, öz yerimizə, öz yurdumuza qayıdırıq”.
Bunu Teleqraf-a açıqlamasında Xocalı sakini Göyçək Abbasova deyib.
O bildirib ki, Xocalını gənc yaşlarında, övladları hələ körpə ikən tərk etmək məcburiyyətində qalıb:
“Xocalıdan çıxanda qaynatam, qaynanam və qayınlarımla birlikdə idik. Bu gün isə doğma şəhərimizə yoldaşım, oğlum, gəlinim və nəvələrimlə birlikdə qayıdıram. Bu sevinci sözlə ifadə etmək mümkün deyil”.
Böyük Qayıdışın sevincini yaşayan Göyçək Abbasova daha əvvəl bir dəfə Xocalıya getdiyini və doğma yerləri görəndə kövrəldiyini bildirib:
“Allah Prezidentimizi qorusun, qazilərimizə can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Ən gözəl arzularla qayıdırıq. Şükür bu günümüzə... Gedəcəyik, yaşayacağıq, görəcəyik”.