BAKI, 30 sentyabr. TELEQRAF

ABŞ-nin Cənubi Afrika Respublikasındakı səfiri Leo Brent Bozell ölkə hökuməti barədə səsləndirdiyi tənqidi fikirlərə görə Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Cənubi Afrikanın "News24" portalı məlumat yayıb.

Hökumət nümayəndəsinin sözlərinə görə, səfir ikitərəfli münasibətləri müzakirə etmək məqsədilə nazirliyə dəvət olunub. Bu, Bozellin fevralda vəzifəsinin icrasına başlamasından bəri XİN-ə üçüncü çağırışıdır.

"Daily Maverick" nəşrinin məlumatına əsasən, avqustun 26-da Cənubi Afrika Prezidenti Siril Ramafosa ilə görüşən səfir ona ABŞ Prezidenti Donald Trampın məktubunu təqdim edib. Məktubda iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün Vaşinqtonun irəli sürdüyü tələblər əks olunub.

Tələblər arasında Cənubi Afrikanın qoşulmama siyasətinə sadiqliyini nümayiş etdirməsi, İran kimi ABŞ-nin rəqibi hesab edilən ölkələrdən uzaqlaşması, amerikalı investorlarla bağlı mülkiyyət tələblərinə yenidən baxılması və fermerlərin təhlükəsizliyinin gücləndirilməsi yer alıb.

Sentyabrda Ramafosanın ABŞ-yə ölkəsinin səfiri Rolf Meyer vasitəsilə cavab məktubu göndərdiyi bildirilir. Məktubun məzmunu ictimaiyyətə açıqlanmayıb.

Bundan sonra ABŞ dövlət katibi Marko Rubio Cənubi Afrika Respublikasına qarşı yeni viza məhdudiyyətləri elan edib. Pretoria isə Vaşinqtonun bu addımını tənqid edərək dialoqu davam etdirməyə hazır olduğunu bildirib.

İki ölkə arasında münasibətlər torpaq islahatları, irqi bərabərliyin təmin edilməsinə yönəlmiş qanunvericilik və Cənubi Afrikanın xarici siyasəti ilə bağlı fikir ayrılıqları fonunda gərginləşib.