BAKI, 29 sentyabr. TELEQRAF
İsrail Baş naziri Benyamin Netanyahu sentyabrın 27-də Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed əl-Nəhyanla görüşündə ondan BƏƏ-nin 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS Hərəkatının həyata keçirdiyi hücum barədə İsraili əvvəlcədən xəbərdar etməsi barədə media iddiasını təkzib etməsini istəyib.
Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” (AP) mənbələrə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, məsələ tərəflərin görüş çərçivəsində müzakirə etdikləri əsas mövzulardan biri olub. Bununla belə, AP-nin mənbələri İsrail Baş naziri ilə BƏƏ Prezidentinin əldə etdiyi razılaşmaları açıqlamayıblar.
Əmirliyin dövlət agentliyi WAM belə bir görüşün baş tutduğunu təsdiqləyib. Bundan əvvəl isə İsrailin N12 telekanalı Benyamin Netanyahunun yaxın günlərdə Əbu-Dabiyə elan edilməmiş səfəri barədə məlumat vermişdi.
Üç həftə əvvəl Netanyahu vəkillərinə “Haaretz” qəzetinə qarşı böhtan iddiası ilə məhkəməyə müraciət etməyi tapşırıb. Qəzet 7 oktyabr hücumundan 10 gün əvvəl BƏƏ Prezidentinin İsrail Baş nazirinə zəng edərək, HƏMAS-ın genişmiqyaslı hücum planları barədə xəbərdarlıq etdiyini iddia etmişdi. Netanyahunun özü bunu yalanlamışdı.