Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımda məhkəmə Krım Tatar Milli Məclisi sədrinin müavini Nəriman Cəlalın həbs müddətini uzadıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Krım Həmrəyliyi Platforması sosial şəbəkədə məlumat yayıb.
Bildirilir ki, Akmescit şəhərinin Kiyevski Rayon Məhkəməsi Rusiya təhlükəsizlik qüvvələrinin tələbi ilə Nəriman Cəlalın həbs müddətini 2022-ci ilin yanvarın 23-nə qədər uzadıb.
Ukrayna xarici işlər nazirinin müavini Emine Ceppar “Twitter” hesabından bunun proqnozlaşdırıla bilən qərar olduğunu bildirib və Rusiyadan qanunsuz olaraq həbs edilən bütün Ukrayna vətəndaşlarını azad etməsini tələb edib.
Qeyd edək ki, Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımda sentyabrın 4-də Rusiya təhlükəsizlik qüvvələri Krım Tatar Milli Məclisinin sədr müavini Neriman Cəlal da daxil olmaqla 5 Krım Tatar türkünü saxlayıb.
“Sabotaj” ittihamı ilə mühakimə olunan Cəlal barəsində sentyabrın 6-dan noyabrın 4-dək həbs qətimkan tədbiri seçilib.