GƏNCƏ, 1 oktyabr. TELEQRAF
Gəncə şəhərində orta məktəblərdən birində baş verən zəhərlənmə hadisəsi nəzarətdədir.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
"Agentliyin mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək".
***
14:04
Bu gün saat 12:30 radələrində 5 nəfər (qadın cinsli) zəhərlənmə şübhəsilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
***
13:51
Bu gün Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss edib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, bu barədə Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin açıqlamasında deyilib.
Qeyd olunub ki, məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər.
"Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır. Şagirdlərin səhhəti təhsil müəssisəsi və idarə tərəfindən nəzarətdə saxlanılır", - məlumatda bildirilib.
***
13:45
Gəncədə zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılan məktəblilər kimliyi bəlli olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, onlar 2017-ci il təvəllüdlü S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D. Əliyeva, N. Quliyevadır.
İlkin məlumata görə, məktəblilər təhsil ocağının bufetindən alınan şirniyyatdan zəhərləniblər.
***
13:36
Gəncə şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə zəhərlənmə faktı qeydə alınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 5 şagird Abbas Səhhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə gətirilib.
Hadisənin təfərrüatları və zəhərlənmənin səbəbləri dəqiqləşdirilir.