BAKI, 25 sentyabr. TELEQRAF

Bakıda fəaliyyət göstərən “EMV Dent” klinikasında diş həkimi işləmiş 1972-ci il təvəllüdlü Şərur rayon sakini Elşən Musa oğlu Zaxarovun yeni cinayətləri məlum olub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay azadlıqdan məhrum edilərək hazırda həbsdə saxlanılan Elşənin daha beş nəfərə qarşı dələduzluq etməsi müəyyən olunub.

Elşən “EMV Dent” klinikasında həkim işləyərkən zərərçəkmiş şəxsin qızının dişlərini implant edəcəyinə dair yalan vəd verib, 2023-cü ilin dekabr ayında ofisdə ondan 2800 manat məbləğində pul alıb.

Bundan başqa, o, dişlərini müalicə etdiyi Züleyxa Hacıyevanın ərinə özünü klinikanın sahibi kimi təqdim edib, müalicə dövründə onunla yaxın münasibət yaradıb. Ər-arvada rentgen aparatı alınmasına şərikli vəsait qoyduqları halda qazanc əldə edəcəkləri barədə yalan məlumat verib və 2023-cü ildə işlədiyi klinikadakı xidməti otağında onlardan 15000 manat pul alıb.

Elşən digər zərərçəkmiş şəxsə 1400 manat qarşılığında 14 ədəd keramika diş düzəldəcəyi adı ilə 2024-cü il tarixdə ofisdə orada işləyən Züleyxa Süleymanova vasitəsi ilə iki dəfəyə 700 manat pul alıb.

İstintaq sənədlərinə görə, Elşən başqa bir zərərçəkmişə 2024-cü ilin yanvarın 1-də ümumi dəyəri 22500 manat təşkil edən tibbi ləvazimatlar, yəni 100 ədəd İsrail istehsalı olan diş implantı, 50 ədəd sağlam başlığı və bir ədəd professional cərrahi kitin alınmasına dair görüntü naminə müqavilə bağlayıb, həmin il yanvarın 10-da qeyd olunan əmlakı işlədiyi ofisdə təhvil-təslim aktına əsasən aldıqdan sonra bir ay müddətinə firmaya ödənişi edəcəyinə dair yalandan vəd verib. O, qeyd olunan əmlakı ələ keçirib.

Həmçinin həkmi işlədiyi dövrdə “EMV Dent” klinikasında beşinci zərərçəkmişi aldatmağa nail olub. Zərərçəkmiş şəxsin arvadının dişlərini implant edəcəyi adı ilə aldadıb, həmin ofisdə 4500 manat aldıqdan sonra ona Cənubi Koreya Respublikasından keyfiyyətli implant dişlər gətirəcəyinə dair yalandan vəd verib.

Həmin gün ofisdə zərərçəkmişdən əlavə olaraq 7700 manat məbləğində pul alıb, ona ümumilikdə 12200 manat atıb.

İstintaq orqanı tərəfindən Elşənin barəsində Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.3 (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.

Elşən elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib, ifadəsində göstərib ki, ali təhsilini bitirdikdən sonra stomatoloq həkim kimi fəaliyyətə başlayıb: “2022-ci ilin may ayından Nərimanov rayonunda stomatoloji klinikada həkim-stomatoloq işləməyə başladım”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2023-cü ilin dekabr ayında Azadə xanımla ofisində tanış olub və söhbət zamanı “EMV Dent” MMC-də tibbi avadanlıqların satışının təşkil etməklə məşğul olduğunu bildirib: “Ondan tibbi ləvazimatlar istədim. O, şirkətin direktoru Ehtibar Balametova bu barədə bildirərək mənə cavab verəcəyini dedi. Beləliklə, mənimlə Ehtibarın arasında tibbi avadanlıqların alınması ilə bağlı razılaşma oldu.

Satış üzrə menecerdən 100 ədəd İsrail istehsallı olan diş implantı, 50 ədəd sağalma başlığı və bir ədəd professional cərrahi kit istədiyimi bildirdim. Razılaşmaya əsasən MMC ilə aramda alqı-satqıya dair müqavilə bağlandı və sonra şirkətin satış meneceri təhvil təslim-aktlarına əsasən qeyd etdiyim malları klinikaya gətirdi. Aldığım malların pulunun ödənişini şəxsən özüm bir ay ərzində zərərçəkmişə verəcəyimi dedim. Lakin əvvəlcədən fikrim və məqsədim aldığım tibbi avadanlıqları ələ keçirmək, onları istifadə edərək pul əldə etmək olub”.

Elşənin ifadəsinə görə, 2023-cü ilin dekabr ayında Gülarə adlı xanım qızı Səbinənin dişlərini implant etdirmək istədiyi üçün işlədiyi ofisinə gəlib:

“Səbinənin dişlərini tibbi stulda müayinə edərək ölçülərini götürdüm, qısa müddətdə dişləri implant edəcəyimi dedim. Səbinə və anasını verdiyim vədə inandırdım, implant qoymaq adı ilə Gülarədən 2800 manat pul istədim, həmin gün məbləği verdilər. Onlara implantlar hazır olan kimi məlumat verəcəyimi dedim.

Mənimlə əlaqə saxladıqda bəhanə kimi qısa müddətə implantların hazır olacağını söylədim, vaxtı uzatmağa başladım. Gülarədən aldığım pulları ələ keçirdim, öz istifadəm üçün xərclədim”.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Elşən Zaxarov 2 il müddətə səhiyyə-tibb sahəsində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunub, 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 6 il 6 ay azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə birləşdirilib, Elşən Zaxarova qəti olaraq 8 il azadlıqdan məhrum edilib.

Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.