BAKI, 1 oktyabr. TELEQRAF
“Dünya Bankı Orta Dəhlizlə bağlı çox mühüm və maraqlı araşdırma hazırlayıb”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani deyib.
“Araşdırmaya görə, 2040-cı ilə qədər yük dövriyyəsinin dörd dəfə artacağı, həmçinin yüklərin daşınma müddətinin təxminən üçdə iki nisbətində azalacağı gözlənilir. Bu, əlbəttə, Orta Dəhlizə ev sahibliyi edən ölkələrin iqtisadi cəhətdən inkişaf etməsinə imkan verəcək. ÜDM təxminən 3,3 faiz artacaq”, - ölkə rəsmisi bildirib.
Nazir müavininin sözlərinə görə, Orta Dəhlizin inkişafı ilə əlaqədar təxminən 2 milyon iş yeri yaradılacaq.
“Orta Dəhliz vahid sistem kimi fəaliyyət göstərməlidir və biz tərəfdaş ölkələrlə, strateji tərəfdaşlarla çox fəal əməkdaşlıq edirik ki, bu sistem və Orta Dəhliz rəqabətqabiliyyətli olsun. Müvafiq olaraq, sürətli, etibarlı və eyni zamanda səmərəli olsun. Qazaxıstan, Azərbaycan və Orta Dəhlizə cəlb olunmuş bütün tərəflərlə həyata keçirdiyimiz investisiyalarla bağlı sinxron şəkildə fəaliyyət göstəririk ki, ötürücülük qabiliyyəti artsın və bununla da istifadəçiyə etibarlı marşrut təklif edə bilək”, - Tamar İoseliani vurğulayıb.