BAKI, 1 oktyabr. TELEQRAF
Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub.
Bu barədə Teleqraf-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, Mirzəağa Əliyev küçəsi ilə Neftçilər prospekti aralığında olan zolaq uzadılaraq Salatın Əsgərova küçəsinə kimi davam etdirilib.
Ərazidə müvafiq yol nişanları quraşdırılır. Yaxın günlərdə təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.
Qeyd edək ki, hazırda mikromobillik zolaqlarının uzunluğu 67,5 km-ə çatdırılıb. Bakı ərazisində mikromobillik vasitələri ilə edilən səfərlərin sayı isə yarım milyonu ötüb. Bu ilin sentyabr ayında velosiped və skuterlər 548 000 dəfə sifariş edilib. Ötən ay velosiped və skuterdən istifadəçi sayı 264 050 nəfər, qət edilən məsafə isə 2 648 000 km təşkil edib.