BAKI, 1 oktyabr. TELEQRAF
“Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir. Ölkəmizin xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlıq mühüm yer tutur. Bu baxımdan, Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsi (AQEM) çərçivəsində fəaliyyəti də xüsusi vurğulanmalıdır”.
Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Onun sözlərinə görə, ölkəmizin təşkilata sədrliyi dövründə bir sıra mühüm tədbirlər keçirilib. Oktyabrın 1-də Bakıda Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Media Forumunun keçirilməsi də bunun göstəricisidir. İlk AQEM Media Forumu üzv dövlətlərin hökumət nümayəndələrini, media və kommunikasiya sahəsinə məsul dövlət qurumlarının rəhbərlərini, media menecerlərini və digər mütəxəssisləri bir araya gətirib. Forum müxtəlif yanaşmaların bölüşülməsi, təcrübə mübadiləsi və regionda qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edən əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətlidir.
Deputat bildirib ki, Forumun mövzusu olduqca aktualdır. Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətində vurğuladığı kimi, “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusuna həsr edilmiş Forum informasiya və kommunikasiya sahəsinin etimad quruculuğunun vacib tərkib hissəsi olduğunu nümayiş etdirmək üçün əlverişli fürsətdir. Media artıq yalnız informasiya mübadiləsi vasitəsi kimi deyil, ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın mühüm aləti kimi nəzərdən keçirilir. Azərbaycan da AQEM çərçivəsində media və kommunikasiya sahəsinin inkişaf etdirilməsinə, üzv dövlətlər ilə media sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə və informasiya mübadiləsi mexanizmlərinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırır. Son illər ərzində müxtəlif media qurumları arasında formalaşmış tərəfdaşlıq əlaqələri, eləcə də AQEM üzv dövlətlərindən olan media nümayəndələrinin ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq media tədbirlərində iştirakı bu istiqamətdə praktiki əməkdaşlıq üçün şərait yaradıb.
Millət vəkili xatırladıb ki, AQEM-in yaradılması haqqında ilk təşəbbüsü 1992-ci il oktyabrın 5-də BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev irəli sürüb. Əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat təsis etmək olub. AQEM-in fəaliyyətini tənzimləyən əsas sənədlər 1999-cu ildə qəbul edilmiş “AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbər prinsipləri haqqında Bəyannamə” və 2002-ci ildə təsdiqlənmiş “Almatı Aktı”dır. Hazırda təşkilatın 28 üzvü var. Bundan əlavə, 10 ölkə, həmçinin BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, Ərəb Dövlətləri Liqası, Türk Dövlətləri Parlament Assambleyası kimi beynəlxalq təşkilatlar qurumda müşahidəçi statusuna malikdirlər. Azərbaycan Qazaxıstanın təşəbbüsünü dəstəkləyən ilk dövlətlərdəndir. Ölkəmiz “Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizləri sistemlərinin inkişaf etdirilməsi” sahəsində etimad-qurucu tədbirin əlaqələndiricisi funksiyalarını yerinə yetirir. AQEM Nazirlər Şurasının 2024-cü il 19 mart tarixli qərarı ilə 2024-2026-cı illər üzrə təşkilata sədrlik ölkəmizə keçib. Təşkilata sədrlik çərçivəsində AQEM-in Biznes və Gənclər şuralarına sədrliyi də həmin dövr üçün Azərbaycan tərəfindən həyata keçirilir. Təkcə 2025-ci ildə Azərbaycanda AQEM-in etimad tədbirlərinin həyata keçirilməsi planına uyğun 44 tədbir keçirilib. Bunlardan təxminən 20-si Azərbaycan tərəfindən təklif olunub ki, bu da AQEM-in 5 əsas iş istiqamətini (iqtisadi, ekoloji, insani və hərbi-siyasi ölçülər, yeni çağırışlar və təhdidlər ölçüsü) əhatə edir.
“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda dünya sürətlə dəyişən geosiyasi reallıqlar, artan təhlükəsizlik çağırışları, media sahəsində baş verən köklü transformasiyalar ilə səciyyələnən mürəkkəb bir dövr yaşayır. Fərqli maraqların və baxışların toqquşduğu rəqəmsal əsrdə yayılan istənilən məlumat cəmiyyətlərarası və dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir. Belə bir şəraitdə Bakıda bu mövzuda Forumun keçirilməsi üzv ölkələr arasında media sahəsində əməkdaşlığın daha da güclənməsinə öz töhfəsini verəcək”, - deyə Samir Vəliyev vurğulayıb.