BAKI, 1 oktyabr. TELEQRAF
“Qızıl Saray” şadlıq sarayında plandankənar yoxlama keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib.
"Belə ki, müəssisədə istifadə olunan ətlərin müşayiətedici sənədlərinin olmadığı və istehlaka yararsız vəziyyətdə olduğu aşkarlanıb. Həmçinin digər nöqsanlar müəyyən olunub.
Aşkarlanmış nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. İstehlaka təqdim olunan ətlərdən nümunələr götürülərək müayinələrin aparılması məqsədilə laboratoriyaya təqdim olunub. Həmin məhsulların dövriyyəsi qadağan edilib, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib", - məlumatda vurğulanıb.
Qeyd edilib ki, Nizami rayonunda fəaliyyət göstərən saray fiziki şəxs Mirzəyev Eltun Ceyhun oğluna məxsus olub.